Demək belə, bu uzunmüddətli
aradan sonra blog'dan istifadəni bərpa etsəm belə, artıq burada paylaşacağım məlumatları
daha çox öz ixtisasım və maraq dairəmə uyğun müəyyən edəcəyəm.
İxtisasım hüquqşünas olduğu
üçün daha çox insanların gündəlik həyatda istifadə etdikləri hüquqlar, onların
tanınması və realizəsi ilə bağlı hüquqi biliklərini artırmaq üçün asan
anlaşılacaq formada yazılar yazmağı düşünürəm. Və bu əsnada da, ilk yazı olaraq
məhz insanların öz hüquqi statusları, yəni vətəndaşlıq statuslarının tanınmasını
təmin edən sənədlər barədə qısa məlumat verəcəyəm. Yazının sonunda istinad etdiyim qanunvericilik aktlarının hamısının adı qeyd olunacaq. Lakin, mövzu ilə
bağlı yaranacaq bütün suallarınızı cavablamağa hazıram. Nəzərə alın ki, bu yazı yazılarkən qüvvədə olan qanunvericilik aktlarına və oradakı məlumatlara/müddətlərə/rəqəmlərə istinad olunmuşdur. Gələcəkdə qanunvericilikdə dəyişikliklərin olunması halının oxucu tərəfindən nəzərə alınması xahiş olunur.
İlk olaraq, şəxsiyyət vəsiqəsi,
onun növləri, alınması qaydası barədə zəruri məlumatları qeyd edirəm:
Şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəddir. Onun iki növü
var:
(1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və
(2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət
vəsiqəsi.
16 yaşına
çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu
alınmır. 16
yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi üçün dövlət rüsumunun məbləği (1)
üç iş günü
müddətində verildikdə və ya dəyişdirildikdə 10 manat, (2) üç iş günündən sonrakı müddətdə
verildikdə və ya dəyişdirildikdə isə cəmi 1 manat təşkil edir.
Şəxsiyyət vəsiqəsi ərizə, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət
rüsumunun ödənilməsi barədə qəbz əsasında, həmin şəxsin yaşadığı rayonun (şəhərin) polis idarəsi tərəfindən ən
geci 10 gün ərzində verilir.
Hər bir şəxs 25, 35, 50 yaşına
çatdıqda və ya öz soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti,
hərbi vəzifəsini dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif
edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə bir ay ərzində yeni şəxsiyyət vəsiqəsi almalıdır.
Şəxsiyyət vəsiqələri ilə bağlı bir məlumatı da diqqətinizə çatdırmaq istərdim. Ötən ilin fevral ayında qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, şəxsiyyət vəsiqələrinin təsviri dəyişilmişdir. Odur ki, 2014-cü ilin yanvar ayından başlayaraq vətəndaşlara şəxsiyyət vəsiqəsi yeni formada təqdim olunacaq. Nümunə aşağıda əlavə olunur.
Şəxsiyyət vəsiqələri ilə bağlı bir məlumatı da diqqətinizə çatdırmaq istərdim. Ötən ilin fevral ayında qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, şəxsiyyət vəsiqələrinin təsviri dəyişilmişdir. Odur ki, 2014-cü ilin yanvar ayından başlayaraq vətəndaşlara şəxsiyyət vəsiqəsi yeni formada təqdim olunacaq. Nümunə aşağıda əlavə olunur.
Cəmiyyətdə daha çox 'xarici pasport' kimi tanınan Pasportlar barədə isə, qısaca olaraq aşağıdakı məlumatı qeyd etmək istərdim:
Pasport (ümumvətəndaş pasportu) - Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən sənəddir. Pasport 18 yaşına çatmış, müstəsna hallarda isə təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşına da verilə bilər.
Ödənilən dövlət rüsumunun məbləğindən asılı olaraq, pasport, vətəndaş müraciət etdikdən sonra bir ay və ya beş iş günü müddətində, müstəsna hallarda isə (vətəndaşın və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallar) iki iş günü müddətində onun ərizəsi, şəxsiyyət vəsiqəsi, fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında verilir.
Pasport beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə dövlət rüsumu 120 manat, beş iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə, yaxud vətəndaşın və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətində verildikdə və ya dəyişdirildikdə isə 40 manat təşkil edir. Həmçinin, vətəndaş öz soyad, adı, atasının adını dəyişdirildikdə və ya
pasportdakı yazılarda dəqiqsizlik müəyyən edildikdə, yaxud pasport yararsız
hala düşdükdə o, pasportunu dəyişdirməlidir.
Pasportlar Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən 10 il müddətinə verilir. İdarənin Bakı, Gəncə, Naxçıvan, Şəki, Lənkəran, Göyçay, Bərdə, Şirvan və Quba şəhərlərində yerləşən regional şöbələri bu fəaliyyəti həyata keçirir.
Qeyd etmək lazımdır ki, bu ildən fəaliyyətə başlayan və hal-hazırda pilot layihə əsasında Bakı şəhərinin Nəsimi, Nərimanov və Binəqədi rayonlarının sakinlərinə xidmət göstərən ASAN xidməti vasitəsi ilə də şəxsiyyət vəsiqəsi və pasportların alınması və ya dəyişdirilməsi mümkündür. Lakin unutmamaq lazımdır ki, bu xidmət hələlik yanız yuxarıda qeyd etdiyim üç rayonun sakinləri üçün mümkündür.
İstinad olunmuş qanunvericilik aktları
1. Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi
haqqında Azərbaycan Respublikasının Qanunu
2. Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar
haqqında Azərbaycan
Respublikasının Qanunu
3. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu
Suallarınızı və şərhlərinizi gözləyirəm! :)